kostor
Yeni Üye
Offline
Mesaj Sayısı: 3
|
 |
« : Nisan 20, 2011, 08:07:27 ÖS » |
|
Paşa Araz
Qara bağ (hüquqi, fəlsəfi və bədii yazı)
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş xalqımızın igid oğul və qızlarının əziz xatirəsinə ithaf olunur.
23 oktyabr 1993-cü il... Xoruz ili, əqrıb bürcü... Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən iki il, on doqquz gün, beş saat əvvəl... “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Konvensiyanın qəbul edilməsi - Roma şəhəri, 4 noyabr 1950-ci il... Tarix iki mərhələdən ibarətdir; “keçmiş” və “gələcək”! “Keçmiş”i qorumaq insanların mədəniyyəti, “gələcəy”i qəbul etmək isə səmimiyyətidir. Əlavə olaraq; “keçmiş” insanların yaddaşında, “gələcək” isə arzularında məskunlaşır. İki ay əvvəl; 23 avqust 1993-cü il tarixdə Füzuli şəhəri erməni işğalçıları tərəfindən işğal olundu! Və minlərlə insanlar kimi mən də “məcburi köçkün” ləqəbi qazandım. Doğrusu, o minlərlə insanın harada və necə məskunlaşmağını bilmədim, lakin mən ailəm ilə birlikdə Füzuli rayonunun Araz Yağlıvənd kəndindəki evlərin birində məskunlaşdım.
.....
Yeni tarix yazılırdı tarix kitabının növbəti səhifəsinə... Füzuli rayonunun Araz Yağlıvənd kəndi. Kənd rayon mərkəzindən 45 km. cənub-şərqdə, Araz çayının sol sahilində maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Füzuli rayonunun Araz Yağlıvənd kənd orta məktəbinin 125 saylı sinif otağında, 8 “a” sinifinə tarix dərsi keçirilirdi. Həmişə olduğu kimi sonuncu partada, üçüncü pəncərənin yanında əyləşmişdim. Nədənsə fikirli halda pəncərədən bayıra baxırdım. Məktəbin çoxda böyük olmayan asfalt döşəməli həyətində yanaşı dayanmış üç ədəd uzaqvuran top dayanmışdı. Bu topları üç ay əvvəl qonşu kənddə yerləşən hərbi hissənin əsgərləri gətirib qoymuşdular. Həmin topların ətrafında məktəbin bir hissəsində; sinif otaqlarında məskunlaşmış qaçqın və məcburi köçkünlərin uşaqları futbol oynayırdılar. Onların maraqlı topu var idi. Bu, istifadəyə yararsız hesab olunaraq atılmış corabların toplanıb bir corabın içinə yığılaraq yumurlanmasından ibarət idi. Sükuta dalmış toplarla, uşaqların sevinc dolu səsləri və bu səslər içərsində ora-bura vurularaq bir yerdə dayanmayan top arasında bir ahənglik yaradılmışdı. Hər kəs öz işində idi. Elə yer kürəsi də öz oxu ətrafında aram-aram fırlanırdı. Uzaqdan üzüm tarlalarında çalışan işçilərin rəngarəng paltarları göy qurşağına bənzəyirdi... Gözlərim yanımda əyləşmiş sinif yoldaşım, məcburi köçkün Turalın qolundakı qara bağa sataşdı. Qoluna nə üçün qara bağ bağladığının səbəbini soruşanda o, mülayimcə cavab verdi: - “Əhd eləmişəm, niyyət tutmuşam, doğma Şuşamıza qayıtmaq istəyirəm. Onun üçün bağlamışam”. 08 may 1992-ci il; Şuşa şəhəri erməni işğalçıları tərəfindən işğal olundu! İki ay, altı gün əvvəl; 02 mart 1992-ci il tarixdə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü qəbul olundu! Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 dekabr 1948-ci il tarixdə bəyan edilmiş “İnsan hüquqları haqqında” ümumi Bəyannamə...
.....
Mən, Turalın qoluna qara bağ bağladığı zaman nələr yaşadığını, nələr hiss etdiyini ürəyimdə düşünərkən o, müəllim səsini eşitməsin deyə lap astadan pıçıldadı: - Əgər açılıb düşsə, qayıdacağıq Şuşaya! O, mənim susduğumu görüb dözmədi, yenə eyni qayda ilə əlavə etdi: - Biz, mütləq qayıdacağıq, Şuşaya! Qəfildən partlayış səsləri eşidildi... Sinif otağındakılar əvvəlcə, heyrətlə bir-birinin üzünə baxıb durdular, sonra hamı düşünməyə başladı, amma bu vəziyyət uzun çəkmədi, şagirdlərdən kimsə: - Ermənilər gəlir, - dedi. Sinif otağına çaxnaşma düşdü! Sinif otağından dəhlizə sonuncu çaxan mən oldum. Dəhliz boyunca qaçışan şagirdlər qışqırışır, müəllimlər isə onları sakitləşdirməyə çalışırdılar. Aləm bir-birinə dəymişdi... Beynəlxalq hüququn normaları pozulurdu, pozulmuşdu və haradan bilərdim ki, neçə illər keçəcək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın işgal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul edəcək, lakin Ermənistan bunları heç vaxt yerinə yetirməyəcək! Məktəbin qarşısında dayanmış avtobusa kiçik sinifdə oxuyan uşaqları yığırdılar. Mən bir müşahidəçi qismində onların yanından ötüb kəndə; məskunlaşdığımız evimizə doğru addımladım. İlk olaraq məktəbin arxasındakı böyrütikan kollarının arasından keçib gedən qısa piyada yolunda hərbi hazırlıq müəllimimin öz qızlarının qolundan yapışaraq çöllüyə doğru qaçdığını gördüm. Bir qədər sonra kənd xəstəxanasının ən yaşlı tibb bacısının bir dəstə uşağı qarşısına salıb torpaq yolla qaçırtdığının şahidi oldum. Yaxınlıqdakı üzüm sahəsinə mərmi düşdü... 19 noyabr 1999-cu il tarixdə İstanbul şəhərində Azərbaycan Respublikası “Avropa Təhlükəsizlik Xartiyası”nı imzalamışdır... Bundan çox-çox əvvəl; 26 noyabr 1987-ci il tarixdə Strasburq şəhərində “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyası imzalanmış və bu Konvensiya Azərbaycan Respublikası tərəfindən 25 dekabr 2001-ci il tarixdə təsdiq edilmişdir...
.....
Yeni tarix yazılırdı tarix kitabının növbəti səhifəsinə... Kənd yarım saatın içində boşaldı... Bir saatdan sonra ermənilər kəndə daxil oldular. Araz çayının sahili boyunca qamışların, yulğun kollarının arasında sığınacaq tapıb, ümid gözləyən yüzlərlə insan... Onları bilmirəm, amma mən heç kimdən, heç nədən ümid gözləmirdim. Çünki, az öncə gözlərimin qarşısında xilas olmaq üçün özünü Araz çayına atan qadının taleyi heç kimə bəlli olmadı. İnsanların doğma kəndə doğru dikilib qalmış gözləri... Mən Araz çayının sahilində dayanmış yüzlərlə insanlardan biri kimi uzaqdan bəzi yanan evlərə tamaşa edirdim. Turalın qoluna bağladığı qara bağ... O, bir dəfə mənə, Şuşanın işğalı zamanı ermənilərin bir qadını körpə uşağı ilə birlikdə ağaca bağlayaraq üzərinə yanacaq tökdüklərini və sonra yandırdıqlarını deyəndə mən, uzun zaman özümə gəlmədim; hər gecə gözlərimin önündə yanan qadının körpəsinin yanmaması üçün necə mübarizə apardığı səhnə canlanırdı, qulaqlarımda yanan körpənin fəryad dolu səsi cingildəyirdi. O zaman mən döyüşə getmək, qisas almaq istəyirdim. Sükuta dalmış uzaqvuran toplar, yaxud futbol oynayan qaçqın və məcburi köçkün uşaqlarının sevinc səsləri... Uzaqdan uşaq ağlamasının səsi gəlirdi. Körpə ağlaşması... - Bizim balaca uşağı görməmisən?! - Avtobusda getdi! Üzüm bağlarının hər iki tərəfini əhatə etdiyi torpaq yol boyunca xatirəyə çevrilmiş ayaqyalın insan ləpirləri... Kəndin girəcəyindəki yol ayrıcında yanacaq daşıyan maşından qalxan alovun qara tüstüsü getdikcə ətrafa yayılırdı. Onu ermənilər qumbara atanla vurmuşdular. Sonradan eşitdim ki, həmin maşının sürücüsü ailəsi ilə birlikdə maşında diri-diri yanıblar. Fəryad səsləri... Daha bir tarix yazılacaqdır; 12 may 1994-cü il tarixdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında atəşgah imzalanacaqdır. Haradan bilərdik ki, bu gündən sonra bizim üçün onlarla qanun qəbul olunacaq. Elə biri, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli qanun... Sonradan biləcəydik ki, bütün dünyada belə problem var, yaşayır. Onlar üçün də müxtəlif qanunlar olub. Elə biri, 28 iyul 1951-ci il tarixdə Cenevrə şəhərində imzalanmış “Qaçqınların statusu haqqında” Konvensiya!
.....
Hələ çox sonra, haradasa on altı ildən sonra bizim və bizim kimilər üçün Füzuli rayonu ərazisində 1211 ailəlik 6 yaşayış qəsəbəsi tikilib istifadəyə veriləcəkdir. Yeni sığınacaq, yeni ev, yeni həyat... Dəyəsən, hər şey yenidən başlayacaq... Sonra bir gün bacım mənim də qoluma qara bağ bağlayacaq... Üç gün sonra; 26 oktyabr 1993-cü il tarixdə, axşam saat səkkizdə “Xəbərlər” proqramında aparıcı cavan oğlan təəssüf hissi ilə elan edəcəkdir: - “Üç gün əvvəl Füzuli rayonunun Araz Yağlıvənd kəndi erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. İşğal zamanı iki dinc sakin vəhşicəsinə qətlə yetirilmiş, yüzlərlə insan yurd-yuvasından didərgin düşmüşdür... ”. Günəşin qürub səhnəsi... Sarı-qırmızı rənglər Araz çayının coşğun suları üzərində aram-aram mürgüləyirdilər. Axşamın soyuq mehi, mehin təsirindən qamışların titrəyişi, bu titrəyişdən vahiməyə düşən ağcaqanadlar... İnsanların çoxu baş götürüb getmişdilər. Qalanlar isə topa-topa halda ocaq qalayıb ətrafına yığışmış, baş vermiş hadisənin günahkarından tutmuş, nəticəsinə qədər müzakirə etmişdilər. Həm də söhbət edirdilər ki, kənd boşalan zaman ermənilər uzaqdan snayper adlı silahdan kimisə vurub qətlə yetirmişdilər. Amma həmin adamın kim olduğu bəlli deyildir. Bu arada bəziləri havanın tam qaralmasını gözləyərək gizlin yollarla kəndə; evlərinə qayıtmağı özləri ilə gücü çatacaqları qədər əşyaları, yaxud sənədləri, qiymətli kağızları, qiymətli daş-qaşları götürəcəklərini çoxdan planlaşdırmışdılar. Bəziləri isə hələ də hansısa qüvvənin köməyi ilə kəndin işğaldan azad olunacağına ümid edir və heç yana getmək istəmirdilər. Müharibə insan taleyini düşünməyəcək qədər aciz olduğuna rəğmən, insanlar müharibə qorxusunu həyatları bahasına çoxdan unutmuşdular. O zaman heç ağlıma gəlməzdi ki, dörd il sonra Universitetə qəbul olacam və daha dörd il sonra diplom işi üçün məhz “Beynəlxalq hüquq” fənnindən, məhz “Konfiliktlərin sülh yolu ilə həll olunması” mövzusunu işləyib hazırlayacam. ...lakin on yeddi il ötür Füzuli rayonunun işğalından... Yarım saatdan sonra yol kənarında dayanmış avtobusun sürücüsü başını geri çevirib, intizarla adamların üzünə baxdı və astaca pıçıldadı: - Hara gedək? Yeni tarix yazılırdı tarix kitabının növbəti səhifəsinə...
15-22 yanvar 2010
|